Səudiyyə Ərəbistanı HƏMAS üzərindəki təzyiqi artırır – Təhlil

Image result for saudi arabia hamas"
“Əsrin Razılaşması”nın uğurla nəticələnməməsi üçün ən qatı davranış nümayiş etdirən HƏMAS-ın “əhliləşdirilməsi” məsələsində, Səudiyyə Ərəbistanı Tramp rəhbərliyi ilə yaxın bir fəaliyyət göstərərək HƏMAS-ı sıxışdırmağa çalışır.

HƏMAS 9 sentyabr 2019 tarixində rəsmi açıqlama yayımladı. Gözlənilməz bir şəkildə yayımlanan bu açıqlamada HƏMAS Səudiyyə Ərəbistanını qınayırdı. Səbəb isə Səudiyyə Ərəbistanında yaşayan HƏMAS rəsmilərinin və havadarlarının həbs olunması idi. Belə ki, aprel ayından bu yana Səudiyyə Ərəbistanında Fələstin mübarizəsinə açıq şəkildə dəstək verən iordaniyalı, fələstinli və səudiyyə ərəbistanlı şəxslər həbs olunur. HƏMAS-a mənsubiyyətləri və onun adına pul topladıqları əsasları ilə həbs olunan şəxslərin bəzilərinin ciddi işgəncələrə məruz qaldıqları, bəzilərinin isə deportasiya edildiyi iddia edilir. Bundan başqa, bəzi şəxslərin əmlaklarının dondurulduğu və pul axınlarının izlənildiyi deyilir. Bundan başqa Səudiyyə Ərəbistanından Fələstindəki banklara yardım məqsədli vəsaitlər göndərilməsi barədə sərt tətbiqlərə keçilmiş və 2019-un yayından etibarən Səudiyyə Ərəbistanından, demək olar ki, heç kim Fələstinə rəsmi kanallar yolu ilə yardım göndərə bilməyib. Bu çərçivədə, Səudiyyə Ərəbistanının düşməncəsinə mövqe tutaraq Fələstin məsələsində HƏMAS-ı yalnızlaşdırmağa çalışdığı dərhal deyilə bilər.

ər-Riyadın bu siyasətinə qarşı HƏMAS təxminən beş ay səssiz qalaraq, məsələni diplomatik kanallar vasitəsilə həll etməyə çalışmışdı. Bu çərçivədə bir çox yüksək vəzifəli HƏMAS-lı səlahiyyətli vasitəçilik fəaliyyətləri üçün Səudiyyə Ərəbistanındakı rəsmilərlə görüşmüş və digər ölkələrin də bu çərçivədə addımlar atılması istiqamətində müraciət etmişdi. Bu müraciətlərin ən çox cavab tapdığı ölkə isə Küveyt olmuşdu. Fələstin məsələsində Körfəz monarxiyalarından xeyli fərqli bir siyasət izləyən Küveyt Səudiyyə Ərəbistanından fələstinli məhbusları sərbəst buraxmasını tələb edib. Küveytin vasitəçilik səylərinə baxmayaraq, Qətər böhranına bənzər formada, Səudiyyə Ərəbistanı geri addım atmadı və bilavasitə gərginlik hələ də davam edir. “Əsrin Razılaşması”nın uğurla nəticələnməməsi üçün ən qatı davranışı nümayiş etdirən HƏMAS-ın “əhliləşdirilməsi” məsələsində, Səudiyyə Ərəbistanının Tramp rəhbərliyi ilə yaxın bir fəaliyyət göstərərək HƏMAS-ı sıxışdırmağa çalışdığını demək olar. Bu məqamı aydınlaşdırmaq üçün əvvəlcə Səudiyyə Ərəbistanı-HƏMAS münasibətlərinin tarixi prosesinə yaxından baxmaq lazımdır.

HƏMAS – Səudiyyə Ərəbistanı münasibətləri

1988-ci ildə HƏMAS yarananda, “Müsəlman Qardaşlar”ın bir qolu olsa da, 80-ci illərin şəraitində Səudiyyə rejimi tərəfindən təhdid kimi görülmürdü. Belə ki, HƏMAS-ın quruluş məqsədi və ən mühüm məsələsi Fələstini müstəqil dövlət kimi inşa etmək idi və bu vəziyyət indi də qüvvəsini qoruyur. Səudiyyə rəsmiləri hər nə qədər HƏMAS-a birbaşa nağd kömək etməsə də, ölkə ərazisindən HƏMAS-a yardım edilməsinə icazə vermişdi. Bu səbəbdən quruluş illərindəki prosesdə HƏMAS-Səudiyyə Ərəbistanı münasibətləri olduqca yaxşı idi. Bu vəziyyəti dəyişdirən hadisə isə HƏMAS-ın İranla yaxınlaşması oldu. 2000-ci illərdə İran-HƏMAS yaxınlaşması daha çox gündəmə daşındı və ər-Riyad rəhbərliyi HƏMAS-ın bu siyasətindən narahat olduğunu həm dolayı bir şəkildə həm də açıq şəkildə dilə gətirdi. Səudiyyə Ərəbistanının HƏMAS və əl-Fəth arasındakı münaqişələrdə vasitəçilik rolu oynamasına baxmayaraq, uğursuz olması, ardınca 2007 seçkilərində HƏMAS-ın qələbə qazanması, ər-Riyad rəhbərliyini HƏMAS-dan daha da uzaqlaşdırdı.

2010-cu ildən sonra ərəb ölkələrində yaşanan aktivliklərin isə istər İran-HƏMAS, istərsə də Səudiyyə Ərəbistanı-HƏMAS münasibətlərində mühüm təsirləri oldu. HƏMAS Suriyada hökumət əleyhinə nümayişlərin vətəndaş müharibəsinə çevrilməsindən sonra, İranın əksinə, Bəşər Əsəd əleyhinə müxalifəti dəstəklədi və bu vəziyyət İran-HƏMAS münasibətlərini dalana saldı. İranın HƏMAS-la münasibətlərindəki bu gərginlik Səudiyyə Ərəbistanı tərəfindən müsbət qarşılansa da ər-Riyad rəhbərliyinin başçılıq etdiyi əks-inqilabçı blokun ərəb üsyanları boyu təqib etdiyi siyasət, HƏMAS-ın bu aktyorlara qarşı siyasətini müəyyənləşdirdi. Bu mənada xüsusilə Misir bir dönüş nöqtəsi oldu: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin Misirin demokratik yolla seçilən ilk və yeganə prezidenti olan Məhəmməd Mursini hakimiyyətdən uzaqlaşdıran çevrilişi dəstəkləməsi HƏMAS-Səudiyyə Ərəbistanı münasibətlərinin gedişatını təyin edən faktor oldu. Bu baxımdan, “Müsəlman Qardaşlar”ın bir qolu olan HƏMAS, “Müsəlman Qardaşlar”ın namizədi olan Mursiyə qarşı edilən bu çevrilişi qınadı və Səudiyyə Ərəbistanıyla münasibətlərini nəzərdən keçirərək yüksək səviyyəli rəsmilərinin Səudiyyə rejimilə danışıqlarını dayandırdı. Bundan başqa, Səudiyyə Ərəbistanı rəhbərliyi çevrilişin ardınca, 2014-cü ilin martında, “Müsəlman Qardaşlar”ı “terror təşkilatı” elan etdi və təşkilata qarşı regional və qlobal miqyasda mürtəce siyasət izləməyə başladı.

Neft və maliyyə yardımını xarici siyasətdə bir silah olaraq istifadə edən Səudiyyə Ərəbistanı, özündən asılı olan aktyorların da oxşar siyasətlər izləməsini istədi. Çevrilişlə hakimiyyəti ələ keçirən Sisi ilə birlikdə, Qahirədəki yeni rəhbərlik də bu istiqamətdə siyasət izlədi. Xüsusilə Qəzzaya qarşı təzyiqlər artırıldı. Həmçinin HƏMAS-ın “əl-Fətih”lə yaşadığı problemlər də dərinləşdi. Buna görə də istər Səudiyyə Ərəbistanı-BƏƏ-Bəhreyn və Misirin təzyiqləri regional, istərsə də maddi problemləri və “əl-Fətih”lə yaşadığı problemlərə görə lokal problemlərlə üzləşən HƏMAS 2017 etibarilə İranla yenidən yaxınlaşmağa başladı. Həmin ilin iyun ayında Səudiyyə Ərəbistanının rəhbərliyindəki inqilab əleyhinə bloka daxil olan aktyorların “İxvan”ı dəstəkləyən Qətərə qarşı embarqo tətbiq etməsi də HƏMAS-ı bu aktyorlardan uzaqlaşdırdı. Bu çərçivədə 2019-cu ilin iyul ayında HƏMAS-lı rəsmi şəxslər İranın Ali Lideri Ayətullah Əli Xameneini ziyarət etdi. HƏMAS rəsmiləri sözügedən səfəri “tarixi və strateji” olaraq səciyyələndirdi.

Vaşinqton siyasətləri

HƏMAS-İran yaxınlaşması Vaşinqtonun İrana qarşı yeni strategiyasını həyata keçirməyə başladığı vaxta təsadüf etdi. Obama dövründən tamamilə fərqli bir İran siyasəti izləyən Trampın Səudiyyə Ərəbistanı və İsraili məmnun edən “maksimum təzyiq siyasəti” həyata keçirilməyə başlandı. Bu siyasətin yanında Tramp “Əsrin Razılaşması” adı altında Fələstinin işğalını qanuniləşdirən bir layihənin də qüvvəyə minməsini istədi. Səudiyyə Ərəbistanı başda olmaqla bir çox ərəb ölkəsinin dəstəyini alan bu layihə, Ərəb ölkələri ilə İsrail arasındakı əlaqələrin normallaşmasını qarşısına məqsəd qoyur. Bu baxımdan ən böyük maneələrdən biri olaraq görülən HƏMAS-dan yan keçilməsi, habelə razılaşmanı dəstəkləyən Səudiyyə Ərəbistanı üçün Vaşinqtonun direktivləri əsasında sıxışdırılması lazım idi. Razılaşmanın memarlarından (Trampın kürəkəni) Kuşner ilə yaxın əlaqələrə malik olan Vəliəhd Bin Salman HƏMAS əleyhdarı və İsrail tərəfdarı bəyanatlar verir. Bin Salman “The Atlantic” jurnalına verdiyi müsahibədə, İsrailin də Fələstin üzərində torpaq hüququ olduğunu çox açıq bir şəkildə dilə gətirdi. 2018-ci ildə mətbuata sızan məlumatlara görə, Vəliəhd şahzadənin “Əsrin Razılaşması”nı qəbul etməsi üçün Mahmud Abbasa maliyyə və siyasi təzyiq siyasətləri tətbiq etdiyi bilinir.

Artan təzyiqlər

2019-un əvvəllərində isə Səudiyyə Ərəbistanı HƏMAS-a qarşı təzyiqlərini daha da artıraraq bir çox HƏMAS-lı rəsmini həbs etdi. HƏMAS-Səudiyyə Ərəbistanı münasibətlərində 40 illik təcrübəsi ilə mühüm bir mövqeyə sahib olan doktor Məhəmməd əl-Hudari Səudiyyə Ərəbistanının 2019-cu ildə həbs etdiyi HƏMAS-lı ilk yüksək səviyyəli səlahiyyətli olub. Sözügedən həbs Səudiyyə Ərəbistanının HƏMAS siyasətində radikal dəyişikliyi göstərən ən mühüm hadisə kimi qeyd edilmiş olur. Ardınca Səudiyyə Ərəbistanı rəsmi ritorikasında və sosial şəbəkələrdə HƏMAS-a qarşı düşmən mövqe tutmağa başladı. Məsələn, 10 may 2019-da ərəbcə nəşr edilən “Məkkə” qəzeti 40 mühüm islamçı fiquru “Müsəlman Qardaşlar”dan təsirləndikləri üçün “terrorçu” elan edib. Bu şəxslər arasında HƏMAS-ın banisi Şeyx Əhməd Yasin, HƏMAS-ın bundan əvvəlki siyasi lideri Xalid Məşəl, HƏMAS-ın indiki siyasi lideri İsmayıl Haniyə və HƏMAS-ın hərbi qanadından Məhəmməd əd-Dayf ilə Yəhya əs-Sinvar da var.

Digər tərəfdən, may ayında İsrailin Qəzzaya qarşı hücumlarının şiddətləndiyi bir atmosferdə, səudiyyə ərəbistanlı bir bloq müəllifi, İsrailin HƏMAS-a qarşı hücumlarını dəstəklədiyini və İsraillə həmrəylik halında olduqlarını yazmışdı. HƏMAS-ın İran və Türkiyəylə əməkdaşlıq etdiyini və bu vəziyyətin terror ilə ittiham edilməli olduğunu dilə gətirmişdi. Bu baxımdan, son illərdə, xüsusən də Trampın hakimiyyətə gəlməsindən sonra, Səudiyyə Ərəbistanı rejiminin nəzdində Türkiyə, İran və “İxvan”ın xroniki bir təhlükəsizlik probleminə çevrildiyini demək olar.

Səudiyyə Ərəbistanının HƏMAS-a “ABŞ-lı rəsmilərlə problemlərinizi həll edin” mesajını verməsi də təzyiq siyasətinin arxasındakı arqumentini ortaya qoyur. Bu baxımdan, “Əsrin Razılaşması”nı qəbul etməyən və həyata keçirilməsinin önündəki ən böyük maneələrdən birini təşkil edən HƏMAS, ABŞ-Səudiyyə Ərəbistanı-BƏƏ (Tramp-Kuşner və Bin Salman-Bin Zayed) tərəfindən ləğv edilməsi vacib olan bir problem kimi görünür. Beləliklə, ər-Riyad rəhbərliyinin HƏMAS əleyhinə siyasəti Vaşinqtonun “Əsrin Razılaşması” planı ilə birbaşa əlaqəlidir. Bundan başqa, Səudiyyə Ərəbistanının HƏMAS-ı küncə sıxışdırma siyasəti Trampın İrana qarşı maksimum təzyiq siyasətinə də töhfə vermək məqsədi daşıyır.

Gələcəyə dair ssenarilər

Keçmişdə İranla Səudiyyə Ərəbistanı arasında “balans siyasəti” izləyən HƏMAS-ın, 2019-cu ilin sentyabrındaki mətbuat açıqlaması ilə birlikdə, bu siyasəti bir müddətlik tərk etdiyi deyilə bilər. Regional və lokal şərtlər səbəbilə HƏMAS-ın siyasi olaraq təzyiq altında olduğu nəzərə alındıqda, onu dəstəkləyən İranla yaxınlaşması olduqca rasional addım kimi görünür. Lakin HƏMAS-ın Səudiyyə Ərəbistanı ilə əlaqələrini tamamilə qoparması da yaxın perspektivdə gözlənilməməlidir. Digər tərəfdən, HƏMAS-ın Səudiyyə Ərəbistanının təzyiq və küncə sıxışdırma siyasətinə qarşı çıxması, ər-Riyad rəhbərliyinin HƏMAS-a qarşı düşmənçilik siyasətlərini daha da gərginləşdirməsinə səbəb ola bilər. Səudiyyə Ərəbistanının xüsusilə media vasitəsilə HƏMAS-ı qaralaması və maliyyə dəstəyinin kəsilməsinə dair addımlar atması, bu mənada əhəmiyyətli işarələr olaraq görülməlidir. Bundan başqa, daha əvvəl də qeyd etdiyimiz kimi, ər-Riyad rəhbərliyinin Səudiyyə Ərəbistanından iqtisadi və siyasi olaraq asılı olan Ərəb ölkələrinə də HƏMAS-a qarşı sərt siyasət tətbiq etməsi istiqamətində təzyiq etməsini gözləmək olar. Səudiyyə Ərəbistanının Ərəb Birliyindəki lobbiçilik fəaliyyətlərini sürətləndirərək 2016-da “Hizbullah”ın terror təşkilatı elan edilməsini təmin etdiyi kimi, HƏMAS-ın da terror təşkilatı kimi tanınmasına yönəlmiş fəaliyyətlər yürütməsi də ehtimallar arasındadır.

Səudiyyə Ərəbistanının təzyiq siyasətinin dozasının artmasının HƏMAS üzərində təsirləri olacaq. Bu siyasət nəticəsində, HƏMAS-ın Yaxın Şərq və Fələstin miqyaslarında güc itkisinə məruz qalacağını demək olar. HƏMAS isə bu çıxılmaz vəziyyətdən xilas olmaq üçün İran, Türkiyə və Qətər ilə daha da yaxınlaşa bilər. Digər tərəfdən, hər nə qədər hüquqi və siyasi prosesdə HƏMAS küncə sıxışdırılsa da, əsl küncə sıxılan Fələstin xalqı olacaq. Hazırda Qəzzadakı həyat standartlarının və iqtisadi vəziyyətin çox pis olduğu düşünülsə, HƏMAS üzərindəki təzyiqlərin artması, mövcud şərtlərin daha da pisləşməsi nəticəsini verəcək.

Son təhlildə, Səudiyyə Ərəbistanının HƏMAS-a təzyiq etməyə yönəlmiş həmlələrinin ən azından iki hədəfə malik olduğu deyilə bilər. Bunlardan ilki “Əsrin Razılaşması”na sədaqət göstərmək, ikincisi isə İranın Fələstin üzərindən regional nüfuzunun artırmasına mane olmaq.

Səbəblər və məqsədlər nə olursa olsun, nəticə olaraq Səudiyyə Ərəbistanının HƏMAS həmləsi fələstinlilərin nəzdində bu həqiqəti bir daha ortaya qoyub: Fələstin xalqı və Fələstin mübarizəsi İran, Türkiyə, Küveyt, Qətər kimi bir neçə istisna xaricində “Müsəlman” ölkələr tərəfindən, “demokrat” Qərb və işğalçı qüvvələrin insafına tərk edilib.

Hazırladı: Samral Guluzadeh

Mənbə: AA
Yayımlanıb: Eastnews

Yorum bırakın