“ABŞ Livandakı etirazlardan öz maraqları kontekstində istifadə etmək istəyir”

Image result for Yasin Atlıoğlu"

Livandakı son hadisələri qiymətləndirən Yaxın Şərq mütəxəssisi, elmlər doktoru Yasin Atlıoğlu “Livanın əsas siyasi və iqtisadi problemlərini heç bir şəkildə diqqətə almayan ABŞ və Səudiyyə Ərəbistanı Livandakı etirazlar və daxili çəkişmələrdən öz mənfəətləri məzmununda istifadə etmək istəyir”,- deyə qeyd edib.

Livanda iqtisadiyyatın pisləşməsi, korrupsiya və son olaraq hökumətin “WhatsApp” kimi proqramlardan vergi alınması qərarı üzərinə 17 oktyabrda başlayan nümayişlər proqnozlaşdırılmayan etiraz dalğası yaratdı. Bu aksiyalar məzhəb ayrılıqlarını ötərək cəmiyyətin hər seqmentindən insanları bir yerə gətirdi.

Etirazçılar Baş nazir Səəd Həririni istefaya məcbur etdi. Ancaq, ölkənin siyasi sisteminin tamamilə yenilənməsi, müstəqil və məzhəblərə söykənməyən bir hökumət qurulmasını da ehtiva edən başqa tələbləri də var. Həriri 29 oktyabrda xalq tərəfindən edilən aksiyalara qarşılıq olaraq vəzifəsindən istefa verib. Livanlı siyasi liderlər isə yeni bir hökumət qurmağa çalışır, ancaq hələ ki, bir irəliləyiş əldə edilməyib.

Bu istiqamətdə Livandakı son hadisələri qiymətləndirən və bu ölkədə yeni hökumətin qurulmasıyla əlaqədar Mehr Xəbər Agentliyi müxbirinə açıqlamalar verən Yaxın Şərq mütəxəssisi dr. Yasin Atlıoğlu Livanda mövcud siyasi şərtlərdə “Hizbullah”ın dəstək vermədiyi bir hökumətin qurulmasının mümkün olmadığını qeyd edib.

1. Livandakı etirazların arxa planında nələr var və nümayişçilərin əsl istəyi nədir?

Livandakı etirazlar dövlətin xalqın əsas ehtiyaclarını qarşılamadakı çatışmazlıqlarına, iqtisadi problemlərə və ləkələnmiş siyasətçilərə qarşı reaksiyanın bir nəticəsidir. Fərqli məzhəblərdən olan və Livan milli şəxsiyyəti ətrafında inteqrasiya olunan etirazçılar ölkədəki bütün siyasətçilərin təmizliyini və hökumətin istefasını istəyirdi.

Bununla birlikdə etirazçıların bütün siyasətçilərin təmizliyini istəməsi Livanın mövcud şərtləri düşünüləndə qısa müddətdə reallaşması mümkün olmayan bir istəkdir. Mövcud hökumətin istefası isə yeni hökumətsizlik və qeyri-sabitlik prosesinin bir başlanğıcı kimi olacaq. Bu məzmunda etirazlar haqlı tələblərin nəticəsində başlasa da getdikcə ölkədəki siyasi rəqabətlər və düşmənliklər üzərindən qarşıdurmaçı bir hal ala bilər.

2. ABŞ və Səudiyyə Ərəbistanının Livandakı etirazları dəstəkləməsindən məqsədi nədir?

ABŞ və Səudiyyə Ərəbistanı Livandakı etirazları “Hizbullah” və müttəfiqlərinə qarşı ictimai bir hərəkat kimi göstərmə səyi içindədir. Livanın əsas siyasi və iqtisadi problemlərini heç bir şəkildə diqqətə almayan ABŞ və Səudiyyə Ərəbistanı Livandakı etirazlar və daxili çəkişmələrdən öz mənfəətləri məzmununda istifadə etmək istəyir. Etirazların getdikcə qarşıdurmaçı bir hal alması ilə ola bilər ki, Livan Ordusu ilə “Hizbullah” arasında birbaşa bir silahlı qarşıdurmanı belə xəyal etsinlər. Belə bir qarşıdurma ehtimalı ortaya çıxsa silah və maliyyə dəstəyi təmin etməkdən də çəkinməyəcəkləri aşkardır.

3. Sizcə, ABŞ-ın Livanın daxili işlərinə müdaxiləsini bu ölkədə yeni bir hökumətin qurulmaması üçün əsas səbəb olaraq xarakterizə edə bilərikmi?

ABŞ-ın müdaxilələri Livanda hökumət qurula bilməməsinə mütləq təsir edir. Lakin yeganə səbəb bu deyil. Livan fərqli dövlətlərin xarici müdaxilələrinə açıq, zəif bir ölkədir. Bu böyük bir zəiflikdir. Həmçinin məzhəbçi mənsubiyyətlərə söykənən siyasi sistem də fərqli məzhəbləri təmsil edən siyasi aktyorlar arasında əldə ediləcək bir uzlaşmaya möhtacdır. Fərqli xarici müdaxilələrin təzyiqi altında daxili uzlaşmanın təmin edilməsi və hökumətin qurulması çətindir, hətta bəzən qeyri-mümkün hala gəlir, illərlə ölkə hökumətsiz qalır.

4. Sizcə Livanda qurulacaq yeni hökumətin müqavimət və “Hizbullah”la əlaqədar mövqeyi necə olacaq?

Yeni hökumətin necə bir quruluşa malik olacağı mühümdür. Mövcud siyasi şərtlərdə “Hizbullah”ın dəstək vermədiyi bir hökumətin qurulması mümkün deyil. Bu səbəbdən yeni hökumət “Hizbullah” ilə uyğun hərəkət edəcək. Ancaq yeni bir parlament seçkisi olsa və son seçkilərdən fərqli bir nəticə ortaya çıxarsa, “Hizbullah” əleyhdarı bir hökumət qurula bilər. Digər tərəfdən, məncə, yeni bir seçki olsa da parlamentdəki güc bölgüsündə ciddi bir dəyişiklik olmayacaq.

5. Sizcə Livanın bu böhranları sovuşdurması üçün işə yarayan bir həll yolu var?

Livandakı problemlərin həll edilməsinin yeganə yolu məzhəbə söykənən siyasi sistemin tamamilə təmizlənməsi və konstitusional vətəndaşlığa söykənən, demokratik bir hüquq dövlətinin qurulmasıdır. “Livanda bu köklü dəyişməni reallaşdıra biləcək bir siyasi iradə və ya liderlik varmı?” desəniz, təbii ki yoxdur və yaxın bir vaxtda da olacaq kimi də görünmür. Livan xalqı məzhəbçi siyasi sistem və bu sistemdən bəslənən siyasətçilərdən narahat olsa da yeni bir daxili qarşıdurma təhdidinin təzyiqi altında edə biləcəkləri olduqca məhduddur.

Bu səbəbdən mövcud siyasi böhran əvvəldən də olduğu kimi, xarici müdaxilələr və ölkə daxilindəki aktyorların əldə edəcəkləri bir uzlaşma ilə müvəqqəti olaraq həll ediləcək, lakin tapılan bu həll ölkəyə daimi bir nizam, sülh və sabitlik gətirməyəcək. Deyəsən, Livanın da taleyi budur.

Hazırladı: Samral Guluzadeh

Mənbə: MehrNews
Yayımlanıb: EastNews

Yorum bırakın